Şərtlər və qaydalar

1. Ümumi müddəalar

1.1. Bu Şərtlər və Qaydalar BuludHost tərəfindən buludhost.az saytı və istifadəçi kabineti vasitəsilə təqdim edilən xidmətlərdən istifadə qaydalarını müəyyən edir.

1.2. BuludHost xidmətlərinə sifariş verən, ödəniş edən və ya xidmətlərdən istifadə edən şəxs bu Şərtlər və Qaydalarla tanış olduğunu və onları qəbul etdiyini təsdiq edir.

1.3. Sifariş zamanı seçilmiş xidmətin adı, paketi, müddəti, qiyməti və texniki göstəriciləri həmin xidmət səhifəsində və sifariş məlumatlarında göstərilir və bu Şərtlərin ayrılmaz hissəsi hesab edilir.

1.4. Qanunvericiliklə istehlakçıya verilmiş hüquqlar bu Şərtlərlə məhdudlaşdırılmır.

1.5. Bu Şərtlər “Müqavilə öhdəlikləri” və “Ödəniş üsulları” səhifələri ilə birlikdə tətbiq edilir.

2. Təqdim edilən xidmətlər

2.1. BuludHost veb hostinq, Pro hostinq, yüksək performanslı/VIP hostinq, Reseller hostinq, onlayn yaddaş (fayl və ehtiyat nüsxələrin saxlanması üçün ayrıca yaddaş xidməti), S3 Bulud Yaddaş (S3 uyğun obyekt yaddaşı), domen qeydiyyatı, transferi və yenilənməsi, SSL sertifikatları, e-poçt xidməti, MySQL verilənlər bazası, cPanel idarəetmə paneli, sayt və məlumatların köçürülməsi, ehtiyat nüsxələmə və bərpa, veb saytların hazırlanması, texniki dəstək, fərdi texniki xidmətlər və digər əlaqəli xidmətlər təqdim edə bilər.

2.2. Hər bir xidmətin disk sahəsi, CPU, RAM, EP, sayt sayı, e-poçt, verilənlər bazası, yaddaş həcmi və digər texniki limitləri sifariş edilən paketdə göstərilən göstəricilərlə müəyyən edilir.

2.3. BuludHost yeni xidmətlər və paketlər əlavə edə, mövcud xidmət və paketlərin gələcək sifarişlər üçün şərtlərini və qiymətlərini dəyişə bilər.

3. Qeydiyyat və istifadəçi hesabı

3.1. Müştəri qeydiyyat zamanı düzgün və aktual məlumat təqdim etməlidir. Qeydiyyat zamanı e-poçt ünvanı ona göndərilən təsdiq kodu ilə təsdiqlənir.

3.2. İstifadəçi kabinetinin, cPanel, FTP, SSH, e-poçt, onlayn yaddaş, S3 açarları (Access Key və Secret Key) və digər giriş məlumatlarının təhlükəsiz saxlanmasına görə müştəri məsuliyyət daşıyır.

3.3. Müştəri hesabına icazəsiz girişdən şübhələndikdə dərhal BuludHost-a məlumat verməlidir.

3.4. Yanlış, saxta və ya başqa şəxsə aid məlumatların təqdim edilməsi xidmətin aktivləşdirilməsinin dayandırılmasına və ya hesabın məhdudlaşdırılmasına səbəb ola bilər.

4. Sifariş və xidmətin aktivləşdirilməsi

4.1. Müştəri seçdiyi xidmət üçün sifariş yaradır və sistem tərəfindən təqdim edilən məbləği ödəyir.

4.2. Sifariş üzrə qaimə və digər elektron sənədlər istifadəçi kabinetində və ya digər elektron vasitələrlə təqdim edilə bilər.

4.3. Ödəniş təsdiqləndikdən sonra xidmət texniki imkan daxilində avtomatik və ya BuludHost əməkdaşı tərəfindən aktivləşdirilir.

4.4. Müştəri sifariş zamanı xidmətin ödəniş təsdiqləndikdən sonra dərhal aktivləşdirilməsinə razılıq verə bilər.

4.5. Domen, SSL və üçüncü tərəf xidmətlərinin aktivləşmə müddəti müvafiq qeydiyyatçı və ya xidmət təminatçısından asılı ola bilər.

4.6. Hostinq sifarişində göstərilən domen artıq BuludHost sistemində və ya serverlərində (əsas, əlavə və ya alias domen kimi) mövcuddursa, sifariş qəbul edilmir. Belə halda müştəri dəstək xidmətinə müraciət etməlidir.

4.7. Ödənilməmiş sifarişi müştəri istifadəçi kabinetindən silə və ya ləğv edə bilər. Bu halda sifariş qaimədən çıxarılır; qaimədə başqa xidmət qalmadıqda qaimə də ləğv olunur.

5. Pulsuz sınaq müddəti

5.1. BuludHost-un müəyyən etdiyi hostinq paketləri üçün 10 günlük pulsuz sınaq müddəti təqdim edilə bilər. Sınaq üçün mümkün olan paketlər xidmət səhifəsində göstərilir.

5.2. Pulsuz sınaqdan yalnız hesabında əvvəllər heç bir sifarişi olmamış və telefon nömrəsini təsdiqləmiş müştəri yararlana bilər. Bir telefon nömrəsi üçün yalnız bir sınaq təqdim edilir.

5.3. Sınaq müddətinin bitməsinə 7 gün qalmış müştərinin seçdiyi müddət üçün qaimə yaradılır. Qaimə ödənildikdə xidmət müddəti sınağın sonundan etibarən uzadılır və sınaq günləri hədiyyə olaraq qalır.

5.4. Qaimə ödənilmədikdə xidmət bu Şərtlərin 12-ci bəndində göstərilən adi qaydada dayandırılır.

6. Xidmətlərdən istifadə qaydaları

6.1. BuludHost xidmətlərindən qanunvericiliyə zidd məqsədlər üçün istifadə etmək qadağandır.

6.2. Spam göndərilməsi, phishing, zərərli proqramların yayılması, botnet fəaliyyəti, DDoS hücumlarının təşkili, digər sistemlərə icazəsiz giriş, saxta səhifələrin yerləşdirilməsi və digər qanunsuz və ya zərərli fəaliyyətlər qadağandır.

6.3. Müştəri yerləşdirdiyi saytların, proqram təminatının, faylların, məlumatların və digər məzmunun qanuniliyinə görə məsuliyyət daşıyır.

6.4. Serverin və ya digər istifadəçilərin fəaliyyətinə ciddi mənfi təsir göstərən proqramlar və proseslər məhdudlaşdırıla və ya dayandırıla bilər.

6.5. Resurslardan davamlı və qeyri-normal istifadə halında BuludHost müştəriyə daha uyğun paketə keçməyi təklif edə bilər.

7. Paket limitləri və “limitsiz” xidmətlər

7.1. Müştəri sifariş etdiyi paketin disk, CPU, RAM, EP, sayt sayı və digər texniki limitlərinə riayət etməlidir.

7.2. “Limitsiz trafik”, “limitsiz e-poçt”, “limitsiz verilənlər bazası” və oxşar ifadələr fiziki və texniki resursların sonsuz olması demək deyil.

7.3. Limitsiz xidmətlər normal hostinq istifadəsi prinsipi və müvafiq paketin CPU, RAM, disk, EP və digər texniki limitləri çərçivəsində təqdim edilir.

8. Ehtiyat nüsxələr — Backup

8.1. Backup xidməti bütün hostinq paketlərinə daxil olmaya bilər. Backup xidmətinin mövcudluğu sifariş edilən paketin təsvirində və ya xidmət şərtlərində ayrıca göstərilir.

8.2. Backup xidmətinin yaradılma tezliyi, saxlanılma müddəti, saxlanılan ehtiyat nüsxələrin sayı, əhatə etdiyi məlumatlar və texniki üsulu seçilmiş paketə və server infrastrukturuna uyğun olaraq müəyyən edilir.

8.3. BuludHost texniki infrastrukturun dəyişməsi, təhlükəsizlik tələbləri, server resursları, istifadə edilən proqram təminatı, datamərkəz və ya digər xidmət təminatçılarının şərtlərinin dəyişməsi ilə əlaqədar backup xidmətinin yaradılma tezliyini, saxlanılma müddətini, ehtiyat nüsxələrin sayını və texniki üsulunu dəyişə bilər.

8.4. Ödənilmiş paketdə backup xidmətinin konkret saxlanılma müddəti və ya sayı ayrıca göstərilmişdirsə, həmin şərtlərdə əhəmiyyətli dəyişiklik mümkün olduğu hallarda müştəriyə əvvəlcədən bildirilir. Təhlükəsizlik və ya təxirəsalınmaz texniki zərurət yarandıqda dəyişiklik dərhal tətbiq edilə bilər.

8.5. Backup xidməti məlumatların qorunması üçün əlavə vasitədir. Texniki nasazlıq, məlumatların zədələnməsi, disk və server avadanlığında problem, proqram təminatı xətası, kiberhücum, datamərkəz nasazlığı və digər texniki hallar nəticəsində konkret tarixə aid ehtiyat nüsxənin mövcud, tam və ya bərpa edilə bilən vəziyyətdə olmasına mütləq zəmanət verilmir.

8.6. Müştəri üçün əhəmiyyətli və kritik məlumatların ayrıca və BuludHost serverlərindən kənar mühitdə ehtiyat nüsxəsinin saxlanılması tövsiyə olunur. Bu məqsədlə BuludHost-un onlayn yaddaş xidmətindən də istifadə edilə bilər.

8.7. Mövcud ehtiyat nüsxədən məlumatların bərpası texniki imkan daxilində həyata keçirilir.

9. Saytların köçürülməsi

9.1. Paketdə pulsuz sayt köçürülməsi nəzərdə tutulduğu halda BuludHost mövcud saytın başqa serverdən BuludHost serverinə köçürülməsinə texniki yardım göstərir.

9.2. Köhnə serverin məhdudiyyətləri, proqram təminatı uyğunsuzluğu, məlumatların natamam olması və ya üçüncü tərəfdən qaynaqlanan səbəblər köçürülmə prosesinə təsir edə bilər.

10. Texniki dəstək

10.1. Müştərilər istifadəçi kabinetindəki dəstək sistemi, saytdakı canlı çat və saytda göstərilən digər əlaqə vasitələri ilə texniki dəstəyə müraciət edə bilərlər.

10.2. 24/7 texniki dəstək müraciətlərin sutka ərzində qəbul edilməsini nəzərdə tutur və bütün müraciətlərə dərhal cavab verilməsi mənasına gəlmir.

10.3. Texniki müraciətlər prioritetinə və mürəkkəbliyinə uyğun olaraq araşdırılır.

10.4. Saytın proqramlaşdırılması, dizaynı, üçüncü tərəf proqramlarının sazlanması və hostinq xidmətindən kənar işlər ayrıca xidmət kimi qiymətləndirilə bilər (bu Şərtlərin 21-ci bəndi).

11. Ödəniş və xidmətin müddəti

11.1. Xidmət sifariş zamanı göstərilən müddət və qiymət üzrə təqdim edilir. Ödəniş bank kartı, bank köçürməsi və ya istifadəçi kabinetindəki balans vasitəsilə həyata keçirilir. Ödəniş üsulları “Ödəniş üsulları” səhifəsində ətraflı göstərilir.

11.2. Xidmətin davam etdirilməsi üçün növbəti dövrün ödənişi xidmət müddəti bitməzdən əvvəl həyata keçirilməlidir. Uzatma qaiməsi xidmət müddətinin bitməsinə 7 gün qalmış avtomatik yaradılır.

11.3. Müştəri istifadəçi kabinetində avtomatik ödənişi aktivləşdirdikdə uzatma qaimələri balansda kifayət qədər vəsait olduqda balansdan avtomatik ödənilir. Bank kartı məlumatları BuludHost tərəfindən saxlanılmır.

11.4. Müştəri xidmət müddəti bitməzdən əvvəl də xidməti uzada bilər. Bu halda yeni müddət cari müddətin sonuna əlavə edilir.

11.5. BuludHost qiymətləri dəyişə bilər. Yeni qiymətlər əvvəlcədən ödənilmiş xidmət dövrü bitdikdən sonra növbəti uzadılmaya tətbiq edilə bilər.

11.6. Kartla edilmiş ödəniş qaiməyə tətbiq edilə bilmədikdə (qaimə artıq ödənilib, ləğv edilib və ya qaimənin məbləği dəyişib) ödənilmiş məbləğ itirilmir və müştərinin balansına yazılır. Müştəri bu vəsaitdən digər qaimələrin ödənişi üçün istifadə edə bilər.

11.7. Promokod (kupon) şərtləri, o cümlədən etibarlılıq müddəti, aid olduğu xidmət və paketlər, istifadə sayı promokodun təsvirində göstərilir. Bir qaimədə yalnız bir promokod tətbiq edilə bilər; sabit məbləğli promokod qaiməyə bir dəfə tətbiq edilir; domenlərin avtomatik uzadılmasına promokod tətbiq edilmir.

12. Ödənilməmiş xidmət: möhlət, dayandırma və bərpa

12.1. Uzatma qaiməsi ödənilmədikdə müştəri istifadəçi kabinetindən 5 günlük möhlət seçə bilər; zərurət olduqda möhlət əlavə 2 gün uzadıla bilər. Möhlət müddətində sayt işləməyə davam edir.

12.2. Xidmət müddəti (və ya seçilmiş möhlət) bitdikdə və ödəniş edilmədikdə xidmət dayandırılır və istifadəçinin server resurslarına çıxışı məhdudlaşdırılır.

12.3. Ödənişsiz dayandırılmış hostinq hesabı və onun məlumatları xidmət müddətinin bitdiyi tarixdən etibarən 30 gün ərzində saxlanılır. Bu müddət ərzində qaimə ödənildikdə xidmət yenidən aktivləşdirilir.

12.4. 30 gün keçdikdən sonra hesab və məlumatlar xəbərdarlıq edilmədən silinə bilər və onların bərpasına zəmanət verilmir. Bu müddətdən sonra xidmətin bərpası yalnız texniki imkan olduqda və BuludHost-un müəyyən etdiyi bərpa haqqı ödənildikdə mümkündür.

13. Paket dəyişməsi

13.1. Müştəri aktiv xidmətin paketini istifadəçi kabinetindən həm artıra, həm də azalda bilər. Paket yalnız eyni xidmət növü daxilində dəyişdirilir.

13.2. Paket dəyişdirilərkən köhnə paketin istifadə olunmamış günlərinin dəyəri kredit kimi nəzərə alınır. Kredit müştərinin həmin xidmət üçün faktiki ödədiyi məbləğdən (promokod və digər endirimlər çıxılmaqla) hesablanır.

13.3. Yeni paketin qalan müddət üzrə dəyəri kreditdən çox olduqda fərq ödənilir; az olduqda fərq müştərinin balansına yazılır.

13.4. Aşağı paketə keçid zamanı istifadə olunan disk həcmi yeni paketin limitindən çox ola bilməz.

13.5. Paket dəyişməsi üzrə qaimə 3 gün ərzində etibarlıdır və ödəniş anında həmin günə görə yenidən hesablanır. Bu müddətdə ödənilməyən qaimə avtomatik ləğv olunur və cari paket dəyişmədən qalır.

14. Xidmətin ləğv edilməsi

14.1. Müştəri istifadəçi kabinetindən və ya BuludHost-a müraciət etməklə xidmətin ləğv edilməsini tələb edə bilər.

14.2. Müştəri xidmətin ödənilmiş müddətin sonunda dayandırılmasını və ya texniki imkan olduqda dərhal ləğv edilməsini seçə bilər.

14.3. Xidmətin ləğv edilməsi sifarişin, qaimənin, ödəniş tarixçəsinin və qanunvericiliyə uyğun saxlanılması tələb olunan digər əməliyyat qeydlərinin silinməsi demək deyil.

14.4. Müştərinin tələbi ilə ləğv edilmiş hostinq xidmətinin serverdə saxlanılan sayt faylları, verilənlər bazaları, e-poçtlar və digər məlumatları 10 təqvim günü müddətində saxlanıla bilər. Bu müddət bitdikdən sonra məlumatlar xəbərdarlıq edilmədən serverdən və mövcud ehtiyat nüsxələrdən silinə bilər və onların bərpasına zəmanət verilmir.

14.5. Müştəri məlumatların dərhal silinməsini ayrıca tələb etdikdə və buna texniki və hüquqi maneə olmadıqda məlumatlar daha əvvəl silinə bilər.

15. Ödənişin geri qaytarılması və müqavilədən imtina

15.1. Müştərinin müqavilədən imtina və ödənişin geri qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqları qorunur.

15.2. Elektron qaydada bağlanmış müqavilələr üzrə qanunvericilikdə nəzərdə tutulan hallarda istehlakçı müqavilənin icrasından imtina etmək hüququna malikdir.

15.3. Müştərinin razılığı ilə xidmətin icrasına dərhal başlanıldığı hallarda qanunvericilikdə nəzərdə tutulmuş istisnalar tətbiq oluna bilər.

15.4. Domen, SSL və digər üçüncü tərəf xidmətləri faktiki olaraq icra edilmişdirsə, geri qaytarılma məsələsi qanunvericilik, xidmətin faktiki icra vəziyyəti və müvafiq üçüncü tərəfin qaydaları nəzərə alınmaqla həll edilir.

15.5. Geri qaytarılan məbləğ, qanunvericilikdə başqa qayda nəzərdə tutulmadıqda və ya tərəflər başqa üsul razılaşdırmadıqda, müştərinin istifadəçi kabinetindəki balansına yazılır.

16. Domen xidmətləri

16.1. Domen sifarişi domenin qeydiyyat anında mövcud olmasına tabedir.

16.2. Domen qeydiyyatı, transferi və uzadılması müştərinin balansından ödənilir və ya hostinq sifarişi ilə eyni qaimədə ödənilə bilər. Hostinqlə birlikdə sifariş edilən domen qaimə ödənildikdən sonra avtomatik qeydiyyatdan keçirilir.

16.3. Qeydiyyatçı tərəfindən domen əməliyyatı (qeydiyyat, transfer və ya uzatma) icra edilmədikdə həmin əməliyyat üçün ödənilmiş məbləğ müştərinin balansına qaytarılır.

16.4. Müştəri domen üçün avtomatik uzatmanı aktivləşdirdikdə uzatma balansda kifayət qədər vəsait olduqda avtomatik həyata keçirilir.

16.5. Domen qeydiyyatdan keçirildikdən sonra müştəri onun qeydiyyat müddətinə və vaxtında yenilənməsinə nəzarət etməlidir.

16.6. Domen qeydiyyatı və idarə edilməsi müvafiq domen zonasının reyestr və qeydiyyatçı qaydalarına tabedir.

16.7. Müştərinin vaxtında yeniləmə etməməsi nəticəsində domenin dayandırılması, silinməsi və ya başqa şəxs tərəfindən qeydiyyata alınması riski yarana bilər.

17. SSL sertifikatları

17.1. Müvafiq hostinq paketlərinə pulsuz SSL sertifikatı daxil edilə bilər.

17.2. SSL sertifikatının aktivləşdirilməsi domenin düzgün yönləndirilməsi və texniki tələblərin yerinə yetirilməsindən asılıdır.

17.3. Üçüncü tərəfdən alınan ödənişli SSL sertifikatlarına həmin sertifikat təminatçısının şərtləri də tətbiq olunur.

18. Reseller hostinq

18.1. Reseller müştərisi ona ayrılmış resurslar daxilində öz müştəriləri üçün hostinq hesabları yarada bilər.

18.2. Reseller hesabında yaradılan istifadəçi hesabları və həmin hesablarda yerləşdirilən məzmun üçün reseller müştərisi də məsuliyyət daşıyır.

18.3. Reseller müştərisinin öz son istifadəçiləri ilə maliyyə və müqavilə münasibətləri BuludHost-un həmin son istifadəçilərlə birbaşa müqavilə münasibəti yaratmır.

18.4. Reseller xidməti ödənildikdə onun daxilindəki işlək istifadəçi hesablarının müddəti reseller xidmətinin müddəti ilə eyni olur.

19. Onlayn yaddaş, S3 Bulud Yaddaş və VPS serverlər

19.1. Onlayn yaddaş fayl və ehtiyat nüsxələrin saxlanması üçün hostinqdən ayrı xidmətdir və Avropadakı datamərkəzlərdə yerləşən infrastruktur üzərində təqdim edilir. Yaddaşın həcmi, snapshot və alt hesab sayı və qoşulma protokolları seçilmiş paketdə göstərilir.

19.2. Müştəri yaddaşın adını, giriş protokollarını, alt hesablarını və snapshot-larını istifadəçi kabinetindən idarə edə bilər. Giriş şifrəsi heç bir kanalla göndərilmir; müştəri onu kabinetdə özü yaradır.

19.3. Ödəniş edilmədikdə yaddaşa giriş bağlanır (bütün protokollar söndürülür), məlumatlar silinmir və şifrə dəyişmir. Ödəniş edildikdən sonra giriş əvvəlki qaydada bərpa olunur.

19.4. Ödənişsiz dayandırılmış yaddaş BuludHost-un müəyyən etdiyi müddət (hazırda 14 gün) keçdikdən sonra silinməyə hazırlanır və BuludHost tərəfindən silinə bilər. Silinmədən əvvəl müştəriyə xəbərdarlıq göndərilir. Silinmiş yaddaşın, onun snapshot və alt hesablarının bərpası mümkün deyil.

19.5. Müştəri yaddaşı istifadəçi kabinetindən silinməyə göndərə bilər; bu halda giriş dərhal bağlanır və BuludHost silinməni təsdiqləyənə qədər müştəri sorğunu ləğv edə bilər.

19.6. Snapshot və onlayn yaddaşın özü müştərinin məlumatlarının yeganə nüsxəsi kimi istifadə edilməməlidir; kritik məlumatların bir neçə yerdə saxlanması tövsiyə olunur.

19.7. S3 Bulud Yaddaş S3 API ilə işləyən, hostinqdən və onlayn yaddaşdan ayrı xidmətdir. Hər sifariş üçün müştəriyə ayrıca bucket və yalnız həmin bucket-ə giriş verən S3 açarı (Access Key və Secret Key) təqdim edilir. Yaddaşın həcmi, aylıq trafik, fayl (obyekt) limiti və public giriş imkanı seçilmiş paketdə göstərilir.

19.8. Müştəri yalnız ona verilmiş bucket-dən istifadə edə bilər. Verilmiş açarla yeni bucket yaratmaq, başqa bucket-lərə müraciət etmək və ya xidmətin texniki məhdudiyyətlərindən yan keçməyə cəhd etmək qadağandır; belə yaradılmış bucket-lər xəbərdarlıq edilmədən bağlanır və silinə bilər.

19.9. Yaddaşın istifadəsi avtomatik ölçülür; hesablamada hər fayl ən azı 64 KB sayılır. Paketin həcmi və ya fayl limiti aşıldıqda yaddaş "yalnız oxu" rejiminə keçir: fayllar silinmir, oxumaq və silmək mümkündür, yeni fayl yazmaq mümkün deyil. İstifadə limitdən aşağı düşdükdə və ya daha böyük paketə keçdikdə yazma avtomatik bərpa olunur. Limitə yaxınlaşdıqda müştəriyə xəbərdarlıq göndərilir.

19.10. Müştəri bucket üçün public girişi (faylların linklə hamıya açıq olması) istifadəçi kabinetindən aça və bağlaya bilər. Public fayllara görə məsuliyyəti müştəri daşıyır; gizli məlumatların public bucket-də saxlanması tövsiyə olunmur. Paketə daxil olan aylıq trafik ağlabatan istifadə (fair use) qaydası ilə təqdim edilir; daxil olan həcmin ciddi və müntəzəm aşılması halında BuludHost müştəri ilə əlaqə saxlayaraq əlavə ödəniş və ya daha uyğun paket təklif edə bilər.

19.11. S3 açarlarının məxfiliyinə müştəri cavabdehdir. Açar üçüncü şəxslərə məlum olduqda müştəri onu istifadəçi kabinetindən yeniləməlidir; köhnə açar dərhal fəaliyyətini dayandırır. Secret Key e-poçt, WhatsApp və ya Telegram vasitəsilə göndərilmir.

19.12. Ödəniş edilmədikdə S3 yaddaşına giriş və public linklər bağlanır, fayllar silinmir və açar dəyişmir; ödənişdən sonra giriş əvvəlki qaydada bərpa olunur. Ödənişsiz dayandırılmış S3 yaddaşına bu bölmənin 19.4 və 19.5-ci bəndləri eyni qaydada tətbiq edilir; silinmiş bucket-in və fayllarının bərpası mümkün deyil. Sui-istifadə, qanunsuz məzmun və ya digər istifadəçilərə zərər halında BuludHost bucket-i bloklaya bilər.

19.13. VPS serverlər (o cümlədən ayrılmış prosessorlu VDS) tam root girişi ilə təqdim edilən, idarə olunmayan (unmanaged) virtual serverlərdir. Prosessor, operativ yaddaş, disk və aylıq trafik seçilmiş paketdə göstərilir. Əməliyyat sisteminin quraşdırılması sifariş zamanı müştərinin seçimi ilə avtomatik həyata keçirilir. Paket böyüdüldükdə disk də yeni paketin həcminə qədər böyüyür; disk kiçildilə bilmədiyi üçün daha kiçik diskli paketə keçid mümkün deyil.

19.14. Serverdə quraşdırılan proqram təminatına, onun yenilənməsinə, təhlükəsizliyinə və serverdə saxlanılan məlumatlara görə məsuliyyəti müştəri daşıyır. Root şifrəsi e-poçt, WhatsApp və ya Telegram vasitəsilə göndərilmir — istifadəçi kabinetində hesab şifrəsi ilə təsdiqlə bir dəfə göstərilir və sonra BuludHost-un sistemindən silinir. Müştəri şifrəni ilk girişdən sonra dəyişməli və ya SSH açarından istifadə etməlidir. Ehtiyat nüsxə (backup) xidmətə daxil deyil.

19.15. Serverdən spam göndərmək, kriptovalyuta hasilatı (mining), port skanı, DDoS və digər şəbəkə hücumları, fişinq, qanunsuz məzmunun yayılması, açıq proxy və ya relay xidmətlərinin işlədilməsi və üçüncü şəxslərin sistemlərinə icazəsiz müdaxilə qadağandır. Belə hallarda, həmçinin infrastruktur təminatçısından sui-istifadə şikayəti daxil olduqda, BuludHost serveri xəbərdarlıq etmədən söndürə və bloklaya bilər; ödənilmiş məbləğ geri qaytarılmır.

19.16. Paketə aylıq çıxış trafiki daxildir, giriş trafiki məhdudlaşdırılmır. Trafikin 80% və 90%-i istifadə olunduqda müştəriyə xəbərdarlıq göndərilir; daxil olan həcmdən artıq trafik ayrıca ödənilir və server bu səbəbdən dayandırılmır.

19.17. Ödəniş edilmədikdə server söndürülür; disk, məlumatlar və IP ünvanı saxlanılır və ödənişdən sonra server avtomatik yandırılır. Ödənişsiz dayandırılmış serverə bu bölmənin 19.4 və 19.5-ci bəndləri eyni qaydada tətbiq edilir; silinmiş serverin, onun diskinin və IP ünvanının bərpası mümkün deyil.

19.18. VPS xidmətinin qiyməti infrastruktur təminatçısının qiymətlərindən asılıdır. Təminatçı qiymətləri əhəmiyyətli dərəcədə dəyişdikdə BuludHost yeni ödəniş dövrü üçün qiyməti, müştəriyə əvvəlcədən bildirməklə, dəyişə bilər; artıq ödənilmiş dövrün qiyməti dəyişmir.

20. Bildirişlər

20.1. Sifariş, qaimə, ödəniş, xidmətin müddəti və təhlükəsizliklə bağlı bildirişlər e-poçt, istifadəçi kabineti və müştərinin qoşduğu digər kanallar (WhatsApp, Telegram) vasitəsilə göndərilə bilər.

20.2. Şifrələr və digər giriş məlumatları WhatsApp və ya Telegram vasitəsilə göndərilmir.

20.3. Müştəri əlaqə məlumatlarını (e-poçt, telefon nömrəsi) aktual saxlamalıdır. Telefon nömrəsi vaxtaşırı yenidən təsdiq edilə bilər; təsdiq edilmədikdə həmin kanal üzrə bildirişlər dayandırıla bilər.

21. Fərdi xidmətlər

21.1. Hostinqdən kənar işlər (texniki qulluq, sazlama, proqramlaşdırma, aylıq texniki xidmət və s.) müştəri ilə razılaşdırılmaqla fərdi xidmət kimi birdəfəlik, aylıq və ya saatlıq əsasda təqdim edilə bilər.

21.2. Fərdi xidmətin qiyməti, dövriyyəsi və ödəniş qaydası (ayrıca qaimə ilə, hostinq qaiməsi ilə birlikdə, hostinqdən əvvəl və ya növbəti ödənişə qoşulmaqla) xidmət əlavə edilərkən müştəriyə göstərilir.

21.3. Fərdi xidmətin ödənilməməsi ilə əlaqədar razılaşdırılmış hallarda ona bağlı hostinq xidməti dayandırıla bilər.

21.4. Fərdi xidmətin müştəri tərəfindən ləğv edilməsinin mümkünlüyü xidmətin növündən asılıdır və xidmətin təsvirində göstərilir.

22. Xidmətin müvəqqəti dayandırılması

22.1. Təhlükəsizlik riski, qanunsuz fəaliyyət, spam, phishing, serverə və digər istifadəçilərə ciddi zərər vurulması, resurslardan sui-istifadə və ya ödəniş borcu olduqda xidmət müvəqqəti dayandırıla bilər.

22.2. Təcili təhlükəsizlik halları istisna olmaqla, mümkün olduğu hallarda müştəriyə problemin aradan qaldırılması üçün məlumat verilir.

22.3. BuludHost tərəfindən dayandırılmış xidməti müştəri istifadəçi kabinetindən özü aktivləşdirə bilməz; xidmət səbəb aradan qaldırıldıqdan sonra BuludHost tərəfindən və ya ödəniş təsdiqləndikdə avtomatik bərpa olunur.

23. Üçüncü tərəf infrastrukturu və xidmət təminatçıları

23.1. BuludHost xidmətlərin göstərilməsi məqsədilə üçüncü tərəflərə məxsus proqram təminatından, lisenziyalardan, şəbəkə və server infrastrukturundan, datamərkəzlərdən, ödəniş sistemlərindən və digər texniki xidmətlərdən istifadə edə bilər.

23.2. Bunlara cPanel, server əməliyyat sistemləri, idarəetmə və təhlükəsizlik proqramları, datamərkəz infrastrukturu, şəbəkə operatorları, domen qeydiyyatçıları, SSL təminatçıları, ödəniş təşkilatları və digər xidmətlər aid ola bilər.

23.3. BuludHost-un ağlabatan nəzarətindən kənarda baş verən aşağıdakı hallar xidmətlərin müvəqqəti və ya tam dayanmasına səbəb ola bilər: datamərkəzdə elektrik, şəbəkə, avadanlıq və rabitə nasazlığı, cPanel və digər üçüncü tərəf proqram təminatında problem, proqram yeniləmələri və təhlükəsizlik boşluqları, lisenziya sistemlərində problem, domen və SSL təminatçılarında nasazlıq, DDoS və digər genişmiqyaslı kiberhücumlar, eləcə də BuludHost-un nəzarətindən kənar digər texniki hadisələr.

23.4. Belə hadisənin birbaşa üçüncü tərəf xidmət təminatçısından və ya BuludHost-un ağlabatan nəzarətindən kənar infrastrukturdakı nasazlıqdan qaynaqlandığı hallarda, qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda, BuludHost həmin üçüncü tərəfin yaratdığı nasazlıq və onun birbaşa nəticələrinə görə məsuliyyət daşımır.

23.5. Bu müddəa BuludHost-un öz hərəkəti və ya hərəkətsizliyi, müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya qanunvericiliklə istisna edilməsi mümkün olmayan məsuliyyətini aradan qaldırmır.

23.6. Üçüncü tərəf infrastrukturu və ya xidmət təminatçısında nasazlıq yarandıqda BuludHost xidmətin bərpası üçün öz səlahiyyətləri və texniki imkanları daxilində zəruri tədbirlər görür.

24. Şərtlərdə dəyişiklik

24.1. BuludHost bu Şərtləri xidmətlərin, texnologiyanın və qanunvericiliyin dəyişməsinə uyğun olaraq yeniləyə bilər.

24.2. Əhəmiyyətli dəyişikliklər saytda dərc edilir.

24.3. Yeni sifariş və ya xidmətin növbəti dövr üçün uzadılması zamanı qüvvədə olan şərtlər tətbiq edilir.

25. Yekun müddəalar

25.1. Bu Şərtlərlə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.

25.2. Tərəflər arasında yaranan mübahisələrin ilk növbədə qarşılıqlı danışıqlar və BuludHost-un dəstək sistemi vasitəsilə həllinə çalışılır.

25.3. Razılıq əldə edilmədikdə tərəflər qanunvericilikdə nəzərdə tutulan qaydada aidiyyəti orqanlara və məhkəməyə müraciət edə bilərlər.

Son yenilənmə tarixi: 3 noyabr 2026-cı il