1. Müqavilənin tərəfləri və qəbul edilməsi
1.1. Bu müddəalar BuludHost xidmət təminatçısı ilə buludhost.az vasitəsilə xidmət sifariş edən fiziki və ya hüquqi şəxs arasında yaranan müqavilə münasibətlərinin əsas şərtlərini müəyyən edir.
1.2. Müştərinin sifariş yaratması, müvafiq şərtlərlə tanış olduğunu təsdiqləməsi və sifariş üzrə ödəniş etməsi elektron müqavilə münasibətlərinin yaranması üçün əsas hesab edilir.
1.3. Müştərinin sifariş etdiyi konkret xidmət, paket, müddət, qiymət və texniki göstəricilər sifariş məlumatlarında və müvafiq xidmət səhifəsində müəyyən edilir.
1.4. “Şərtlər və Qaydalar” və “Ödəniş üsulları” bu müqavilə öhdəliklərinin ayrılmaz hissəsidir.
2. Müqavilənin predmeti
2.1. BuludHost müştərinin seçdiyi xidmətə uyğun olaraq server resurslarının, hostinq infrastrukturunun və digər əlaqəli xidmətlərin istifadəsini təmin edir, müştəri isə xidmət haqqını ödəməyi və xidmət qaydalarına riayət etməyi öhdəsinə götürür.
2.2. Müqavilənin predmeti sifarişdən asılı olaraq veb hostinq, Pro hostinq, VIP/yüksək performanslı hostinq, Reseller hostinq, onlayn yaddaş, S3 Bulud Yaddaş, domen, SSL, e-poçt, verilənlər bazası, sayt köçürülməsi, backup, texniki dəstək, fərdi texniki xidmətlər və digər əlaqəli xidmətləri əhatə edə bilər.
3. BuludHost-un öhdəlikləri
3.1. Ödənişi təsdiq edilmiş sifariş üzrə xidməti texniki imkan daxilində aktivləşdirmək.
3.2. Müştəriyə sifariş etdiyi paketdə göstərilən disk sahəsi, CPU, RAM, EP, yaddaş həcmi və digər server resurslarını təqdim etmək.
3.3. Hostinq xidmətlərinin fəaliyyəti üçün zəruri server və şəbəkə infrastrukturunun işlək vəziyyətdə saxlanması məqsədilə ağlabatan texniki tədbirlər görmək.
3.4. Müvafiq paketlərdə cPanel, SSL, backup və digər elan edilmiş imkanları təqdim etmək.
3.5. Backup xidməti daxil olan paketlər üzrə müvafiq ehtiyat nüsxələmə prosesini həyata keçirmək.
3.6. İstifadəçi kabineti və digər göstərilən əlaqə vasitələri ilə texniki müraciətləri qəbul etmək və araşdırmaq.
3.7. Planlaşdırılmış və əhəmiyyətli texniki işlər barədə mümkün olduğu hallarda müştəriləri əvvəlcədən məlumatlandırmaq.
3.8. Müştərinin hesab və xidmət məlumatlarının təhlükəsizliyinin qorunması üçün ağlabatan texniki və təşkilati tədbirlər görmək; şifrələri və digər giriş məlumatlarını WhatsApp və Telegram kimi kanallarla göndərməmək.
3.9. Sifariş və ödəniş üzrə qaimə və digər nəzərdə tutulan elektron məlumatları müştərinin istifadəsinə təqdim etmək.
3.10. Ödənilmiş, lakin qaiməyə tətbiq edilə bilməyən məbləğləri (qaimə artıq ödənilib, ləğv edilib və ya məbləğ dəyişib) və icra edilməyən domen əməliyyatları üzrə ödənişləri müştərinin balansına qaytarmaq.
4. Müştərinin öhdəlikləri
4.1. Qeydiyyat və sifariş zamanı düzgün və aktual məlumat təqdim etmək, əlaqə məlumatlarını aktual saxlamaq.
4.2. Sifariş etdiyi xidmətin haqqını müəyyən edilmiş müddətdə ödəmək.
4.3. İstifadəçi kabinetinin, cPanel, FTP, SSH, e-poçt, onlayn yaddaş, S3 açarları və digər giriş məlumatlarının məxfiliyini qorumaq.
4.4. Hostinq xidmətindən qanunvericiliyə və “Şərtlər və Qaydalar”a uyğun istifadə etmək.
4.5. Öz saytında yerləşdirilən proqram təminatı, fayllar, verilənlər bazası və digər məlumatların qanuniliyini təmin etmək.
4.6. İstifadə edilən proqram təminatını mümkün qədər aktual və təhlükəsiz saxlamaq.
4.7. Paket üzrə müəyyən edilmiş server resurslarından digər müştərilərin xidmətlərinə zərər vuracaq formada istifadə etməmək.
4.8. Əhəmiyyətli və kritik məlumatların ayrıca ehtiyat nüsxəsini saxlamaq.
5. Xidmət müddəti
5.1. Müqavilə sifariş edilən xidmətin aktivləşdirildiyi tarixdən və ya sifarişdə ayrıca göstərilən tarixdən qüvvəyə minir.
5.2. Xidmət müştərinin seçdiyi və ödəniş etdiyi müddət ərzində qüvvədədir.
5.3. Xidmət müddətinin bitməsinə 7 gün qalmış növbəti dövr üçün uzatma qaiməsi yaradılır. Müddətin sonunda xidmət yalnız növbəti dövr üzrə ödəniş həyata keçirildikdə davam etdirilir.
5.4. Müştəri avtomatik ödənişi aktivləşdirdikdə uzatma qaiməsi balansda kifayət qədər vəsait olduqda balansdan avtomatik ödənilir.
5.5. Xidmət müddəti bitməzdən əvvəl uzadıldıqda yeni müddət cari müddətin sonuna əlavə edilir.
5.6. Pulsuz sınaq müddəti ilə başlanan xidmətdə ödənilmiş müddət sınağın sonundan etibarən hesablanır.
6. Ödəniş
6.1. Xidmət haqqı sifariş zamanı saytda göstərilən qiymət əsasında hesablanır.
6.2. Müştərinin təsdiqlədiyi sifariş üzrə qaimə yaradılır.
6.3. Ödəniş bank kartı, bank köçürməsi və ya istifadəçi kabinetindəki balans vasitəsilə həyata keçirilir. Bank köçürməsi ilə edilən ödəniş qəbz əsasında BuludHost tərəfindən təsdiqlənir.
6.4. Ödəniş həyata keçirildikdən sonra sifarişin ödəniş statusu sistemdə qeydə alınır.
6.5. Ödəniş edilmədikdə və ya xidmət müddəti bitdikdə BuludHost xidməti dayandırmaq hüququna malikdir.
7. Xidmətin keyfiyyəti və texniki fasilələr
7.1. BuludHost xidmətlərin mümkün qədər davamlı və stabil təqdim olunması üçün ağlabatan texniki tədbirlər görür.
7.2. Profilaktik texniki işlər, avadanlıq nasazlığı, proqram təminatı problemləri, şəbəkə və datamərkəz infrastrukturu, kiberhücumlar və BuludHost-dan asılı olmayan digər səbəblər müvəqqəti fasilələrə səbəb ola bilər.
7.3. Üçüncü tərəfə məxsus datamərkəz, cPanel, server proqram təminatı, lisenziya sistemi, şəbəkə operatoru, domen qeydiyyatçısı, SSL təminatçısı, ödəniş sistemi və digər xidmətlərdə BuludHost-un ağlabatan nəzarətindən kənar yaranmış nasazlıqlara görə BuludHost, qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda, həmin üçüncü tərəfin yaratdığı nasazlığın birbaşa nəticələrinə görə məsuliyyət daşımır.
7.4. Belə hallarda BuludHost xidmətin bərpası üçün öz texniki imkanları və səlahiyyətləri daxilində zəruri tədbirlər görür.
8. Backup və məlumatların qorunması
8.1. Backup xidməti bütün paketlərə daxil olmaya bilər. Onun mövcudluğu müvafiq paketdə ayrıca göstərilir.
8.2. Backup xidmətinin yaradılma tezliyi, saxlanılma müddəti, ehtiyat nüsxələrin sayı və texniki üsulu seçilmiş paketə və mövcud infrastruktura uyğun olaraq müəyyən edilir.
8.3. BuludHost texniki infrastruktur, təhlükəsizlik tələbləri, server resursları, proqram təminatı və ya üçüncü tərəf xidmətlərinin şərtlərindən asılı olaraq backup xidmətinin yaradılma tezliyini, saxlanılma müddətini, sayını və texniki üsulunu dəyişə bilər.
8.4. Backup əlavə təhlükəsizlik vasitəsidir və konkret tarixə aid ehtiyat nüsxənin hər zaman mövcud, tam və bərpa edilə bilən vəziyyətdə olmasına mütləq zəmanət verilmir.
8.5. Müştəri kritik məlumatlarının ayrıca və BuludHost serverlərindən kənar mühitdə ehtiyat nüsxəsini saxlamağa məsuldur.
8.6. Mövcud ehtiyat nüsxədən məlumatların bərpası texniki imkan daxilində həyata keçirilir.
9. Xidmətin dayandırılması və bərpası
9.1. Ödəniş edilməməsi, qanunsuz fəaliyyət, spam, phishing, zərərli proqram, server resurslarından ciddi sui-istifadə və digər istifadəçilərə və ya infrastruktura təhlükə yaradan fəaliyyət aşkar edildikdə xidmət müvəqqəti dayandırıla bilər.
9.2. Uzatma qaiməsi ödənilmədikdə müştəri 5 günlük (zərurət olduqda əlavə 2 gün) möhlət seçə bilər. Möhlət seçilmədikdə və ya bitdikdə xidmət dayandırılır.
9.3. Ödənişsiz dayandırılmış hostinq hesabı xidmət müddətinin bitdiyi tarixdən etibarən 30 gün ərzində saxlanılır və bu müddətdə ödəniş edildikdə bərpa olunur. 30 gündən sonra xidmətin bərpası yalnız texniki imkan olduqda və bərpa haqqı ödənildikdə mümkündür.
9.4. Təcili təhlükəsizlik halları istisna olmaqla, mümkün olduğu hallarda müştəriyə pozuntunun aradan qaldırılması üçün məlumat verilir.
9.5. Pozuntu aradan qaldırıldıqdan sonra və xidmətin bərpasına hüquqi və texniki maneə olmadıqda xidmət yenidən aktivləşdirilə bilər. BuludHost tərəfindən dayandırılmış xidməti müştəri özü aktivləşdirə bilməz.
10. Müştəri tərəfindən xidmətin ləğvi
10.1. Müştəri istənilən vaxt xidmətinin ləğv edilməsi üçün istifadəçi kabinetindən və ya dəstək xidmətindən müraciət edə bilər.
10.2. Müştəri xidmətin ödənilmiş müddətin sonunda dayandırılmasını və ya dərhal ləğv edilməsini seçə bilər.
10.3. Ödənilməmiş sifarişi müştəri istifadəçi kabinetindən silə bilər; bu halda sifariş qaimədən çıxarılır.
10.4. Xidmətin ləğv edilməsi sifarişin, qaimənin və ödəniş tarixçəsinin sistemdən silinməsi anlamına gəlmir.
11. Ləğv edilmiş və dayandırılmış xidmətlərin məlumatlarının silinməsi
11.1. Müştərinin tələbi ilə ləğv edilmiş hostinq hesabındakı fayllar, verilənlər bazaları, e-poçtlar və digər server məlumatları 10 təqvim günü müddətində saxlanıla bilər.
11.2. Ödəniş edilmədiyinə görə dayandırılmış hostinq hesabının məlumatları xidmət müddətinin bitdiyi tarixdən etibarən 30 təqvim günü müddətində saxlanılır.
11.3. Göstərilən müddətlər keçdikdən sonra məlumatlar avtomatik və ya inzibatçı tərəfindən silinə bilər. Məlumatların silinməsindən sonra onların bərpasına zəmanət verilmir.
11.4. Müştəri xidməti dərhal ləğv edərkən məlumatlarının da dərhal silinməsini ayrıca təsdiqlədikdə və buna hüquqi və texniki maneə olmadıqda məlumatlar gözləmə müddəti tətbiq edilmədən silinə bilər.
11.5. Qaimə, ödəniş, təhlükəsizlik və qanunvericilik üzrə saxlanılması tələb olunan digər əməliyyat məlumatları hostinq fayllarının silinməsindən asılı olmayaraq müvafiq müddət ərzində saxlanıla bilər.
12. Müqavilədən imtina və geri ödəniş
12.1. İstehlakçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan müqavilədən imtina və geri ödəniş hüquqları qorunur.
12.2. Müştərinin razılığı əsasında xidmətin icrasına dərhal başlanıldığı hallarda qanunvericilikdə nəzərdə tutulan istisnalar tətbiq oluna bilər.
12.3. Geri ödəniş tələbi xidmətin faktiki istifadə vəziyyəti, üçüncü tərəfə çəkilmiş xərclər və qüvvədə olan qanunvericilik nəzərə alınaraq araşdırılır.
12.4. Geri qaytarılan məbləğ, qanunvericilikdə başqa qayda nəzərdə tutulmadıqda və ya tərəflər başqa üsul razılaşdırmadıqda, müştərinin balansına yazılır.
13. Domen və SSL xidmətləri
13.1. Domen və SSL xidmətlərinin təqdim edilməsində müvafiq reyestr, registrar və sertifikat təminatçılarının texniki və hüquqi qaydaları tətbiq oluna bilər.
13.2. Domen yalnız sifarişin icra edildiyi anda qeydiyyata açıq olduğu halda qeydiyyatdan keçirilə bilər.
13.3. Domenin vaxtında yenilənməsi üçün müştəri xidmət müddətinə nəzarət etməli və tələb olunan ödənişi vaxtında həyata keçirməlidir. Avtomatik uzatma aktiv olduqda uzatma balansdan həyata keçirilir.
13.4. Qeydiyyatçı tərəfindən icra edilməyən domen əməliyyatı üzrə ödəniş müştərinin balansına qaytarılır.
14. Reseller xidmətləri
14.1. Reseller müştərisi ona ayrılmış resurslar daxilində öz müştəriləri üçün hostinq hesabları yarada bilər.
14.2. Reseller müştərisi öz hesabı daxilində yaradılmış istifadəçilərin xidmətlərdən qanunauyğun istifadəsini təmin etməlidir.
14.3. Reseller müştərisinin öz müştəriləri qarşısında verdiyi əlavə zəmanət və vədlər BuludHost üçün ayrıca öhdəlik yaratmır.
15. Paket dəyişməsi
15.1. Müştəri aktiv xidmətin paketini eyni xidmət növü daxilində artıra və ya azalda bilər.
15.2. Köhnə paketin istifadə olunmamış günlərinin dəyəri müştərinin həmin xidmət üçün faktiki ödədiyi məbləğdən hesablanır və yeni paketin dəyərindən çıxılır; artıq qalan məbləğ müştərinin balansına yazılır.
15.3. Paket dəyişməsi üzrə qaimə 3 gün etibarlıdır və ödəniş anında yenidən hesablanır. Ödənilmədikdə qaimə ləğv olunur və cari paket dəyişmir.
16. Onlayn yaddaş, S3 Bulud Yaddaş və VPS serverlər
16.1. Onlayn yaddaş hostinqdən ayrı xidmətdir; onun həcmi, snapshot və alt hesab imkanları və qoşulma protokolları seçilmiş paketdə göstərilir.
16.2. Ödəniş edilmədikdə yaddaşa giriş bağlanır, məlumatlar silinmir. Ödənişsiz dayandırılmış yaddaş BuludHost-un müəyyən etdiyi müddət (hazırda 14 gün) keçdikdən sonra, müştəriyə xəbərdarlıq edilməklə, silinə bilər.
16.3. Silinmiş yaddaşın, onun snapshot və alt hesablarının bərpası mümkün deyil.
16.4. S3 Bulud Yaddaş xidmətində müştəriyə ayrıca bucket və yalnız ona giriş verən S3 açarı verilir; həcm, aylıq trafik, fayl limiti və public giriş imkanı seçilmiş paketdə göstərilir. Müştəri yalnız ona verilmiş bucket-dən istifadə edir; yeni bucket yaratmaq qadağandır.
16.5. Paketin həcmi və ya fayl limiti aşıldıqda S3 yaddaşı "yalnız oxu" rejiminə keçir, fayllar silinmir; istifadə limitdən aşağı düşdükdə yazma avtomatik bərpa olunur. Aylıq trafik ağlabatan istifadə (fair use) qaydası ilə təqdim edilir.
16.6. S3 açarlarının və public faylların məsuliyyəti müştəridədir; açar üçüncü şəxslərə məlum olduqda müştəri onu istifadəçi kabinetindən yeniləməlidir.
16.7. Ödəniş edilmədikdə S3 yaddaşına giriş və public linklər bağlanır, fayllar silinmir; ödənişsiz dayandırılmış S3 yaddaşına 16.2 və 16.3-cü bəndlər eyni qaydada tətbiq edilir.
16.8. VPS serverlər tam root girişli, idarə olunmayan virtual serverlərdir; prosessor, operativ yaddaş, disk və aylıq trafik seçilmiş paketdə göstərilir. Serverdəki proqram təminatına, təhlükəsizliyə, məlumatlara və ehtiyat nüsxələrə görə məsuliyyəti müştəri daşıyır.
16.9. Root şifrəsi istifadəçi kabinetində bir dəfə göstərilir və heç bir kanalla göndərilmir; şifrənin məxfiliyinə müştəri cavabdehdir.
16.10. Serverdən spam, mining, şəbəkə hücumları və digər sui-istifadə halında BuludHost serveri xəbərdarlıq etmədən söndürə və bloklaya bilər. Daxil olan həcmdən artıq trafik ayrıca ödənilir.
16.11. Ödəniş edilmədikdə server söndürülür, disk və IP saxlanılır; ödənişsiz dayandırılmış serverə 16.2 və 16.3-cü bəndlər eyni qaydada tətbiq edilir.
17. Fərdi xidmətlər
17.1. Hostinqdən kənar işlər müştəri ilə razılaşdırılmaqla fərdi xidmət kimi birdəfəlik, aylıq və ya saatlıq əsasda təqdim edilə bilər.
17.2. Fərdi xidmətin qiyməti, dövriyyəsi, ödəniş qaydası və ləğv şərtləri xidmət əlavə edilərkən müştəriyə göstərilir. Razılaşdırılmış hallarda fərdi xidmət üzrə borc ona bağlı hostinq xidmətinin dayandırılmasına səbəb ola bilər.
18. Tərəflərin məsuliyyəti
18.1. Tərəflər müqavilə öhdəliklərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
18.2. Müştərinin zəif şifrələrdən istifadə etməsi, giriş məlumatlarını üçüncü şəxslərə verməsi, köhnəlmiş və ya təhlükəli proqram təminatından istifadə etməsi nəticəsində yaranan hadisələr müştərinin məsuliyyət sahəsinə aid edilə bilər.
18.3. BuludHost-un ağlabatan nəzarətindən kənarda olan datamərkəz, rabitə şəbəkələri, üçüncü tərəf infrastrukturu, proqram təminatı, lisenziya sistemləri, domen reyestrləri, kiberhücumlar və digər oxşar hallar nəticəsində yaranan fasilələr üzrə məsuliyyət konkret hadisənin şəraitinə və qanunvericiliyə uyğun qiymətləndirilir.
18.4. Heç bir müddəa BuludHost-un qanunvericiliklə istisna edilməsi mümkün olmayan məsuliyyətini aradan qaldırmır.
19. Mübahisələrin həlli
19.1. Tərəflər arasında yaranan fikir ayrılıqları ilk növbədə danışıqlar və BuludHost dəstək sistemi vasitəsilə həll edilməyə çalışılır.
19.2. Qarşılıqlı razılıq əldə olunmadıqda mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.
20. Yekun müddəalar
20.1. Müştərinin elektron formada verdiyi razılıq, yaratdığı sifariş və həyata keçirdiyi ödəniş sistemdə qeydə alına bilər.
20.2. BuludHost müqavilənin şərtlərini gələcək xidmət dövrləri üçün yeniləyə bilər.
20.3. Müştərinin artıq ödəmiş olduğu xidmət dövrü üzrə hüquqları qanunvericiliyə zidd şəkildə geriyə qüvvəli dəyişdirilmir.
20.4. Bu müqavilə öhdəlikləri “Şərtlər və Qaydalar”, “Ödəniş üsulları”, sifariş məlumatları və seçilmiş paketin təsviri ilə birlikdə tətbiq edilir.
Son yenilənmə tarixi: 2 noyabr 2026-cı il